07 August, 2023
“Yaşama dəstək” - maddiyatın, mal-mülkün, nifrətin, deyil də mərhəmətin ön plana çəkilməsi deməkdir. Yüzlərlə körpənin “hamıdan fərqliyəm” deməsinə səbəb olmaq ən büyük xoşbəxtlikdir. Bu fərqli insanları görəndə ilk baxışdan insan təəccüblənir: nə üçün Allah hamını bərabər yaratmamışdır?
Əgər insanlar hamısı bərabər yaradılsaydılar, onların bir-birinə yardım etmə ehtiyacı olmaz, o zaman da insanlar arasında heç bir əlaqə olmaz, insan, cəmiyyət halında mehriban yaşaya bilməzdi. Doğurdan da əgər imkanlı imkansıza, tox olan aca yardım etməyəcəksə insan olmağın nə mənası var ki ?
Gəlin sizə balaca Fatiməmizi tanıdaq.
Yaşama dəstəyin balaca mələyi Fatimə. Fatimənin 10 yaşı var. Yaşıdları kimi məktəbə gedə bilmir, evdə təhsil alır. Çox ağıllı və gözəl qızdır. Fatimə həm də çox mehribandır. Ona sevgi, qayğı göstərən insanları çox sevir. Fatimə xəstəxanaları heç sevmir. Doğulduğu andan bu günə kimi o qədər çətinlik çəkməsinə baxmayaraq, çox güclü olmağı bacaran Fatimə kəpənək xəstəliyindən əziyyət çəkir. Doyunca yemək yeyə bilmir, istədiyi kimi hərəkət edə bilmir, öz yaşıdları ilə istədiyi kimi oynaya bilmir, əllərindən rahat istifadə edə bilmir. Xəstəlik səbəbindən Fatimənin əl barmaqları bir-birinə birləşib. Bu xəstəlik Fatimənin yalnız əlinə yox, qida borusuna da pis fesadlar verib. Bədənində yaranan suluqlar daxildə də yaranır. Qida borusunda da suluqlar yaranıb, yara əmələ gətirir. Bu da onun yemək yeməsini ləngidir, hətta ürəyi istəyən yeməkləri yeyə bilmir. Fatimənin və onun kimi yüzlərlə körpənin xeyirxah insanların köməyinə ehtiyacı var.
Uca Yaradanın bizə verdiyi ruzinin ən az hissəsini belə əziyyət çəkən körpələrə bağışlasaq Allah da bizi çox sevər. Və o ruzinin qat-qat çoxunu yetirər. Bir sözlə, edilən yaxşılıqları tarix belə unutmur. Biz də bu körpələri yaşatmaq üçün yaşayaq.