25 September, 2023
Qayğıya ehtiyacı olan yüzlərlə uşaq… İnsanların sevgisinə həsrət olan onlarla xəstə körpə…Və sevginin, qayğının ən gözəl müalicə metodu olduğunu bilən birlik “Yaşama Dəstək”…
Bu uşaqlar acı çəkəcəklərini bilə-bilə əməliyyat olunmaq istəyir, gizli qalan barmaqlarını görmək istəyir, gözlərinin daha yaxşı görməsini istəyirlər.
5 il ərzində Yaşama Dəstək 47 uşağı Türkiyəyə aparıb. Bunlardan 29-u əl və göz əməliyyatları, 1-i beyin əməliyyatı, 17-si isə müayinələrdir. Bu proseslər üçün cəmiyyətdən maddi dəstək toplanılır. İstanbula gedən uşaqların valideynləri heç bir ödəniş etmir, təmannasız şəkildə həyata keçirilir.
Bu əməliyyatlar çox ağır və risklidir. Kəpənək xəstəliyindən əziyyət çəkən uşaqların əlləri və yaxud ayaqları açılır, ixtiyoz xəstələrinin isə gözləri açıq qaldığından dəri köçürülərək gözün fəaliyyəti bərpa edilir.
İmmunadefisit uşaqlar isə İstanbulda müayinə olunur.
Kəpənək xəstəliyindən əziyyət çəkən Kamran ayaqları və əlləri üçün əməliyyata aparılıb. Kamran yaşca uşaqlardan böyükdür. Onun 27 yaşı var. Bu illər ərzində ən ağır əməliyyat Kamranın əməliyyatı olub. Həmçinin Orxan da yaşca digər uşaqlardan böyükdür. O da kəpənək xəstəliyindən əziyyət çəkir.
İxtiyoz xəstəliyindən əziyyət çəkən ən azyaşlı uşaq Rəhimə 3 yaşında göz əməliyyatı oldu. Roza artıq 3-cü dəfə göz əməliyyatına girəcək. O da ağır ixtiyoz xəstəliyindən əziyyət çəkir.
Göz və əl əməliyyatından sonra onların gözləri, əlləri 1 həftə bağlı şəkildə qalır. 1 həftədən sonra açılıb Azərbaycana yola salınır. Türkiyədə olduğu müddətdə uşaq və valideynin bütün yemək, otel, xəstəxana, yol xərcləri Yaşama Dəstək tərəfindən qarşılanır.
Əməliyyatlar uşaqlar üçün ağrılı, yorucu olsa da onlar bu ağrılara rəğmən əllərinin açılmasını, gözlərinin rahat bağlanmasını istəyirlər. Əl əməliyyatı olan uşaqlar artıq qələm tuta bilir, öz əlləri ilə yemək yeye bilirlər. Amma problem tək əməliyyatla bitmir, əməliyyatdan sonra da xüsusi qulluqlar olunmalıdı ki, yenidən birləşməsin. Həmçinin gözləri də. Daimi olaraq gözə dərman tökülməlir. Lakin bir müddət sonra gözlər yenidən açıq qala bilir. Ona görə əməliyyat prosesi periodik olaraq davam edilir. Məsələn bir uşaq 3-4 ildən sonra yenidən göz qapağı əməliyyatına gedir.
Ümumiyyətlə hər bir əməliyyatın özünəməxsus çətinliyi, ağrısı var.